Azərbaycan Mərkəzi Bankı (AMB) çərşənbə günü “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın lisenziyalarını ləğv edib. Bu barədə AMB-dən məlumat verilib.
“Bu qərar bankların məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub”, - deyə məlumatda qeyd edilir.
Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
2016-cı il yanvarın 18-dən etibarən AMB 6 bankın lisenziyasını ləğv edib. Lisenziyaya malik olan bankların sayı 37-yə enib.
“Qafqaz İnkişaf Bankı” ASC 1996-cı ilin aprel ayında yaradılıb.
“Atrabank” ASC 1992-ci ildən fəaliyyət göstərir.
A.Əzizov