Azərbaycan Beynəlxalq Valyuta Fondundan (BVF) $3 mlrd., Dünya Bankından (DB) $1 mlrd. almağı nəzərdə tutur.
Xəbər verildiyi kimi, BVF və DB Bakıya $4 mlrd. məbləğində kreditin ayrılması imkanını müzakirə edəcək
“Azərbaycan neft qiymətlərinin kəskin azalması şəraitində iqtisadiyyatı dəstəkləmək üçün BVF-dən $3 mlrd., DB-dən $1 mlrd. almağı nəzərdə tutur. Danışıqlar davam edir, bankın və fondun missiyası bu məqsədlə Bakıdadır”,- deyə məlumatlı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Vəsaitlərin hansı müddətə veriləcəyi və hansı proqramlara sərf ediləcəyi barədə məlumat verilməyib.
“Financial Times” qəzetinin məlumatına görə, BVF və DB Azərbaycana 4 mlrd. ABŞ dollarına yaxın təcili kredit paketinin ayrılması imkanını müzakirə edəcəklər. Bu, neftin qiymətinin ucuzlaşmasından ziyan çəkmiş ölkələrə yardım paketi seriyasından ilk kredit ola bilər.
Eyni zamanda, paketin müzakirəsi hələ ki, ilkin mərhələdədir və Azərbaycan hökuməti BVF-nin köməyi olmadan fəaliyyət variantını seçə bilər”, - deyə qəzet yazır.
Dekabr ayının sonundan Azərbaycan manatı dollara nisbətən 1/3 dəfədən çox ucuzlaşıb, ölkədə kapital axının qarşısının alınması üçün tədbirlər görülüb, büdcə kəsiri ÜDM-nin 9%-dək artıb. Eyni zamanda, Azərbaycan böyük valyuta ehtiyatlarına malikdir və xarici borcunun səviyyəsi aşağıdır.