Avropa İttifaqı (Aİ) Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixrac həcminin artacağına ümid edir. Bu barədə cümə axşamı jurnalistlərə Aİ-nin Bakı ofisinin rəhbəri Malena Mard məlumat verib.
“Aİ 500 mln. istehlakçısı olan böyük bazardır. Biz bu bazarda daha çox Azərbaycan məhsulunu, xüsusilə kənd təsərrüfatı məhsullarını görməyi arzu edirik”, - deyə M.Mard bildirib.
O xatırladıb ki, Aİ Azərbaycanla ərzaq təhlükəsizliyi sahəsində işləyir.
“Aİ idxal olunan məhsullar üçün çox ciddi tələblər qoyub. Lakin əminəm ki, Azərbaycanda inkişaf Aİ-yə ixrac həcmini artırmağa imkan verəcək”, - deyə M.Mard qeyd edib.
Daha əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədova istinadən məlumat verilmişdi ki, 2015-ci ildə Azərbaycan $312 mln. məbləğində meyvə-tərəvəz ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 7,2% çoxdur.
A.Axundov