Prezident İlham Əliyev yanvarın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xəlil İbrahim Akçanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə çox yaxşı ikitərəfli əlaqələrinin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ölkəmizin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyib.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən dövlət başçısı təşkilatın iki sammitinin ölkəmizdə keçirilməsinin önəmini qeyd edib.
Onun sözlərinə görə, dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlıq əhəmiyyətlidir.
Prezident İƏT-in baş katibi Xəlil İbrahim Akçanın ölkəmizə səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib rəhbərlik etdiyi təşkilatın ölkəmizdə keçirilən sonuncu sammitini məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev