Son 10 gün ərzində Azərbaycanda ləğv edilən 6 bankın əmanətçilərinin kompensasiyalarının ümumi həcmi ilkin məlumatlara görə 68 mln. manat səviyyəsində qiymətləndirilir. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov cümə axşamı mətbuat konfransında bildirib.
“Bankların ADIF-ə təqdim etdiyi məlumatlara əsasən, qorunan əmanətlərin həcmi 80 mln. manat təşkil edir. Lakin “Bank of Azerbaijan”da əmanətlər üzrə məlumatlar təhlil ediləndən sonra bu rəqəm 68 mln. manatadək azalıb”, deyə A.Cavadov bildirib.
Onun sözlərinə görə, kompensasiyaların ödənilməsinə başlamaq üçün ADIF AMB-dən bu və ya digər bankın öhdəliklərini icra etmək iqtidarında olmamasına dair məktub almalıdır.
“Yalnız “Bank of Azerbaijan”la bağlı bu cür məktub daxil olub”, - deyə A.Cavadov vurğulayıb.
Xəbər verildiyi kimi, yanvarın 18-dən 27-dək AMB 6 bankın: “Bank of Azerbaijan”, “NBC Bank”, “United Credit Bank”, "Qafqaz İnkişaf Bankı", “Gəncəbank” və “Atrabank”ın lisenziyalarını ləğv edib.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 12% dərəcəsindən yüksək olmayan 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.