Milli Məclisin 2016-cı ilin yaz sessiyasında “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bəyan edib.
“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” mövcud Qanun qismən aktuallığını itirdiyindən “Əlillərin hüquqlarının müdafiəsi haqqında” yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb”, - deyə H.Rəcəbli komitənin bu gün keçirilən iclasında qeyd edib.
Komitə sədri bildirib ki, turizm sahəsindəki yeniliklər, dövrün tələbi, turizm və istirahət sektorunda əmək tutumlu iş yerlərinin yaradılması bu sahədə yeni qanun layihəsinin hazırlanmasını zəruri edir.
Onun sözlərinə görə, yaz sessiyasında Əmək Məcəlləsinə, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna müvafiq dəyişikliklər ediləcək.
Həmçinin “Qaçqın və köçkünlərin repatriasiyası haqqında” qanun layihəsi də hazırlanacaq.
R.Babayev