Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bir ay ərzində “Bank of Azerbaijan”ın əmanətçilərinin 80%-nə kompensasiya ödəyəcək. Bu barədə fondun rəhbəri Azad Cavadov bu gün mətbuat konfransında məlumat verib.
““Royal Bank”ın təcrübəsi göstərib ki, əmanətçilərin 75%-i birinci ay kompensasiyalarını aldı. “Bank of Azerbaijan”la məsələ daha asandır, çünki “Royal Bank”ın müştərilərinin arasında çoxlu sayda qeyri-rezident var idi. Bundan irəli gələrək biz ümid edirik ki, birinci ay ərzində “Bank of Azerbaijan”ın əmanətçilərinin 80%-i kompensasiya alacaq”, - deyə A.Cavadov qeyd edib.
Onun sözlərinə görə, əmanətlərinə sığorta şamil edilməyən şəxslər ləğvediciyə müraciət etməlidirlər.
“Bank of Azerbaijan”ın öhdəliklərinin yerinə yetirilməsi üzrə ləğvedici əmanətlərinə sığorta şamil edilməyən şəxslərin əmanətlərini qaytaracaq”,- deyə A. Cavadov qeyd edib.
Xəbər verildiyi kimi, yanvarın 29-dan "Bank of Azerbaijan"ın əmanətləri sığorta edilən əmanətçilərinə kompensasiyanın ödənilməsinə başlanacaq. Bankda 24 mln. 199,448 min manat məbləğində qorunan əmanət var. 6,599 min əmanətçi kompensasiya alacaq.
Kompensasiya ödənişləri üçün agent bank kimi "Muğanbank" və "Rabitəbank" seçilib. "Rabitəbank" ASC Naxçıvan ərazisində əmanətçilərə kompensasiya ödəyəcək.
Kompensasiyalar 30 min manata qədər qorunan əmanəti olan əmanətçilərə ödəniləcək.
Azərbaycan Mərkəzi Bankının qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə (50 mln. manat - İF-Az), məcmu kapitalının adekvatlıq əmsalı 3%-dən az olduğuna, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin lisenziyası ləğv edilib
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərir. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşib.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 12% dərəcəsindən yüksək olmayan 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
A.Axundov