“SOCAR Trading” ticarət şirkəti (SOCAR-ın törəməsi, ARDNŞ) qaz və elektrik enerjisi sahəsində fəaliyyət imkanlarını nəzərdən keçirir. Bu barədə “SOCAR Trading”in rəhbəri Arzu Əzimov “European Business” jurnalına müsahibəsində məlumat verib.
“2016-cı ildə məqsədimiz yeni ticarət əməliyyatları, yeni bazarların axtarılması və potensial müştərilərlə görüşlər hesabına mənfəət və kapitalın artırılmasıdır. Qaz və enerji sahəsində müəssisənin yaradılması daha bir yeni layihə olacaq”, - deyə A.Əzimov bildirib.
O, həmçinin bəyan edib ki, şirkət fəaliyyətini genişləndirmək üçün üstünlük əldə edə biləcəyi inkişaf edən bazarları öyrənir. “Çin, Hindistan, Afrika - bunlar misallardan bəzilərdir. Biz hər zaman alış və satış imkanları axtarırıq. Misal üçün, bütün ixrac tenderlərində iştirak edərək Afrikada daim işləyirik”, - deyə A.Əzimov vurğulayıb.
Şirkət rəhbərinin sözlərinə görə, hazırda “SOCAR Trading”in baş ofisində, Sinqapur, Kanada, Dubay və Londondakı nümayəndəliklərdə 200-dən artıq əməkdaş çalışır. “Bu yaxınlarda “SOCAR Trading” Kalqaridə sayca beşinci ticarət ofisi açıb”, - deyə o məlumat verib.
“SOCAR Trading” şirkəti 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. “SOCAR Trading SA” beynəlxalq bazarlarda neft və qaz satışı üzrə əməliyyatlarla məşğul olur.
N.Abbasova