Avropa İttifaqı (Aİ) miqrasiya proseslərinin və sərhədlərin idarə edilməsi potensialının yüksəldilməsi üçün 2017-ci ilə qədər Azərbaycana 3,5 mln. avro ayırıb. Bunu Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard söyləyib.
Həyata keçirilən Tvinninq layihəsi Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsinin əsas hissəsidir”,- deyə M.Mard “Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait”in Azərbaycan dilində nəşrinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Aİ və Bakı arasında readmissiya və viza rejiminin sadələşdirilməsinə dair vacib sazişin imzalanması bu məsələnin uzun müddət Aİ və Azərbaycanın ikitərəfli əməkdaşlığı çərçivəsində prioritet məsələ olaraq qalacağının göstəricisidir.
“Layihənin ikinci mərhələsində Azərbaycanda treninqlər və digər tədbirlər keçiriləcək. Aİ Azərbaycanın müxtəlif dövlət strukturları ilə məhsuldar əməkdaşlıq edir. Ayrılan 3,5 mln. avro vəsaitdən Dövlət Sərhəd Xidmətinə 400 min avro dəyərində avadanlığın verilməsi nəzərdə tutulur”, - deyə o bildirib.
M.Mard Aİ-nin Azərbaycanla əməkdaşlığını uğurlu model adlandırıb.
“Biz Azərbaycanla miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi məsələlərində əməkdaşlığa davam etməyə hazırıq”, - deyə M.Mard qeyd edib.
R.Babayev