SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Qazprom” ASC-dən qaz almaqda “Azərenerji” SC-yə kömək etməyə hazırdır. Bu barədə bazar ertəsi jurnalistlərə şirkətin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov məlumat verib.
“Hələ ki, Rusiya tərəfi ilə qaz satışına dair razılaşma əldə edilməyib. Qaz ARDNŞ üçün deyil, qaza ehtiyacı olan “Azərenerji” üçün idxalı nəzərdə tutulur. SOCAR qaz alınmasına kömək etməyə və öz infrastrukturunu təklif etməyə hazırdır”, - deyə E.Nəsirov “ İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, “əgər hökumət göstəriş versə və hər hansı qaz tədarükçüsü ilə razılıq əldə edilsə, artıq bu il “Azərenerji” üçün qaz almaq mümkün olacaq”.
E.Nəsirov hansı həcmdə qaz idxal ediləcəyi barədə məlumat verməyib.
N. Abbasova