Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərin qəbul edilməsini zəruri hesab edir.
“Bu gün bir sıra siyasi partiyalar qanunun tələblərini pozur və Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etmirlər”, - deyə o, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında bəyan edib.
S.Novruzov qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanuna qəbul edilən dəyişikliklərə əsasən, həm dövlət, həm də kənardan maliyyə yardımı alan bütün siyasi partiyalar maliyyə hesabatı təqdim etməlidirlər.
“Əfsuslar olsun ki, qanunda bu məsələdə partiyalara təzyiq mexanizmi yoxdur. Bu isə onların fəaliyyətinin şəffaflığını təmin etmir”, - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, siyasi partiyaların hesabat qismində MSK-ya ağ kağız göndərmələri faktları məlumdur.
“Yəni, bununla demək istəyirlər ki, maliyyə dövriyyələri yoxdur. Amma aparatlarında əməkdaşlar çalışır, hər sədrin 4-5 cangüdəni var, bahalı avtomobillərdə gəzirlər. Qeyri-ixtiyari sual yaranır, əgər gəlir və xərclər yoxdursa, bu partiyalar hansı mənbədən maliyyələşdirilir”, - deyə S.Novruzov bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi İctimai birliklər və dini qurumlar komitəsi “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsinə dair qanun layihəsi hazırlayır.
R.Babayev