2016-cı il üçün dövlət büdcəsinə düzəlişlər layihəsi bu gün prezident İlham Əliyevə təqdim ediləcək. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Gəncədə ictimaiyyət və sahibkarlarla görüş zamanı bildirib.
“Məndə olan məlumata əsasən, büdcəyə düzəlişlər layihəsi bu gün dövlət başçısına təqdim olunacaq”, - deyə S.Şərifov qeyd edib.
Bundan başqa, görüşdə Gəncədə toxuculuq sənayesinin inkişafı, aqrar maşınqayırma müəssisəsinin yaradılması, iri sənaye müəssisələrinin inkişafı məsələləri müzakirə olunub. S.Şərifovun sözlərinə görə, Gəncə Gil-
Torpaq Zavodunun fəaliyyətinin bərpası üzrə işlər aparılır.
Xəbər verildiyi kimi, yoxlamalar nəticəsində 2016-cı il üçün dövlət büdcəsinin gəlir hissəsi 16,5 mlrd. manatadək, xərc hissəsi 18,3 mlrd. manatadək artırılacaq. Qüvvədə olan «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanuna əsasən, cari ildə gəlirlər 14 mlrd. 566 mln. manat, xərclər 16 mlrd. 264 mln. manat, büdcə kəsiri 1 mlrd. 698 mln. manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsinin parametrlərinə yenidən baxılarkən neftin bir barelinin qiyməti 25 dollardan hesablanacaq, buna qədər isə büdcə neftin bir bareli 50 dollar olmaqla təsdiqlənib.
F.Mehdiyev