Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) Rus Dili Tədris-Metodik Mərkəzində “Qələmlə yazıdan interaktiv kitaba qədər” mövzusunda metodik seminar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Seminarda təlim Azərbaycan və rus dillərində aparılan məktəblərin rus dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
İclasda 94 saylı məktəbin rus dili və ədəbiyyat müəlliməsi Gülnarə Əliyeva, 23 saylı məktəbin rus dili və ədəbiyyat müəlliməsi Gülnarə Abdullayeva, həmçinin Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının müdiri Sevda Axundova tematik məruzələrlə çıxış ediblər.
Seminar iştirakçıları praktiki məşğələ də keçiriblər: onlar Maksim Qorkinin “İzergil qarı” povestindən parçalar oxuyublar. Ümumi rəyə əsasən, bu cür pedaqoji üsulu məktəblərdə ədəbiyyat dərslərində uğurla tətbiq etmək mümkündür.
Tədbirin sonunda “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov RİMM-in keçirdiyi “2015-ci ilin ən yaxşı rus dili və ədəbiyyat müəllimi” müsabiqəsdinin qaliblərinə fəxri fərmanlar təqdim edib. 43 saylı uşaq bağçası-məktəb-lisey kompleksinin direktoru, rus dili və ədəbiyyat müəllimi Qafar Hüseynov, Şirvan şəhər 10 saylı məktəbin rus dili və ədəbiyyat müəlliməsi Emiliya Mirzəliyeva və “Evrika” liseyinin rus dili və ədəbiyyat müəlliməsi Xalidə Bağırova təltif olunublar.
A.Zeydullayeva