Azərbaycan və İranın gömrük orqanları tranzit daşımalarının artırılması məqsədilə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İran İslam Respublikası tərəfdən isə bu ölkənin Şərqi Azərbaycan Regional Gömrük İdarəsinin rəisi Ələsgər Abbaszadə və İran Gömrük Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əhəd Pərahanla İran İslam Respublikasının Culfa Gömrük İdarəsində görüş çərçivəsində iki dövlətin gömrük xidmətləri arasında bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Tərəflər dövlətdaxili prosedurlara təqdim etmək məqsədilə iki dövlətin gömrük xidmətləri arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, eləcə də mal və nəqliyyat vasitələri haqqında məlumatların elektron qaydada əvvəlcədən ötürülməsini nəzərdə tutan sənəd lahiyələrinin işlənib hazırlanması, həmçinin Azərbaycan və İran arasında fəaliyyət göstərən sərhəd-keçid məntəqələrinin 24 saatlıq rejimə keçidlə bağlı müzakirələr aparıblar”, - deyə məlumatda qeyd edilir.
Görüş zamanı iki dövlətin ərazilərindən istifadə etməklə tranzit daşımalarının artırılması üçün daha münbit şəraitin yarandığı qeyd edilib.
Tərəflər çərşənbə axamı bu məsələlərin müzakirəsini davam etdirməklə bağlı razılığa gəliblər.
N.Abbasova