SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus Kulevi neft terminalı fəaliyyətə başladığı 2008-ci ildən indiyədək 20 mln. ton xam neft, neft-kimya və neft məhsulları nəql edib. Bu barədə terminalın rəsmi saytında məlumat verilir.
“İstifadə verildiyi 2008-ci il mayın 16-dan bu günə qədər terminal vasitəsilə 20 mln. ton neft, neft və neft-kimya məhsulları (propilen və metanol) daşınıb”, - deyə məlumatda qeyd edilir.
Məlumatda bildirilir ki, terminal daşıma əməliyyatlarının həcminin artırılması istiqamətində işləri davam etdirir.
Xəbər verildiyi kimi, SOCAR 2007-ci ilin yanvar ayında Kulevidə neft terminalı alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir.
N.Abbasova