Bu gün Bakıda buraxılış və qəbul imtahanlarında nəzarətçi kimi iştirak etmiş müəllimlərin mükfatlandırma mərasimi olub.
“Qəbul imtahanlarında mümkün 700 baldan 600 bal toplayaraq ən yüksək nəticə göstərmiş abituriyentlər arasında keçirilmiş sorğu vasitəsi ilə 10 min əlaqələndirici müəllim arasından ən yaxşı nəzarətçi müəllim seçilib”, - deyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mükafatlandırma mərasimində bildirib.
Onun sözlərinə görə, bu tədris ilində 600 min nəfərdən çox şəxs TQDK tərəfindən təşkil edilmiş imtahanlardan keçib.
“Bu, həm buraxılış, həm qəbul imtahanları, həm də sınaq imtahanları olub”,- deyə o əlavə edib.
Tədbirdə qeyd edilib ki, TQDK-nın bazasında ölkənin müxtəlif regionlarını təmsil edən 15 minə yaxın nəzarətçi müəllim var.
Ən yaxşı nəzarətçinin seçilməsi zamanı onun TQDK ilə əməkdaşlıq müddəti, imtahanlar zamanı neqativ halların aradan qaldırılması üzrə göstərdiyi aktiv fəaliyyət nəzərə alınır.
Mərasim iştirakçıları qeyd ediblər ki, imtahanlar zamanı bir sıra nöqsanlara, həmçinin məktəbli və abituriyentlər tərəfindən köçürmə hallarına yol vermiş 112 nəzarətçi müəllimlərin bazasından uzaqlaşdırılıb.
A.Zeydullayeva