Azərbaycan prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktum istehsal, logistika, hava nəqliyyatı sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev 1-2 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olub.
Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti ilə görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün əlverişli baza var, bu da turist axınının genişlənməsinə şərait yaradır.
Şeyx Məhəmməd bin Raşid Əl Məktum, öz növbəsində, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının artırılmasının önəmini vurğulayıb.
İ.Əliyev Azərbaycanın infrastruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Görüşün yekunlarına dair dəniz nəqliyyatı, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinə yönələn bir sıra ikitərəfli sənədlər imzalanıb.
A.Əzizov