Xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq ifadə edib.
“Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır, çünki onlar ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail ola bilməyiblər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz həmsədrlərin bu istiqamətdə fəaliyyətlərini gücləndirməyi tələb edirik”, - deyə E.Məmmədyarov çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
O, həmsədrlərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağla bağlı qəbul edilən bütün qərarların vasitəçilərlə razılaşdırılmalı olmasına dair verdikləri bəyanatı gülünc hesab edir.
“Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlərin XİN başçılarına, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərib. Məktublarda qeyd olunub ki, Bakı istədiyini etmək hüququna malikdir və heç kim ölkənin daxili işlərinə qarışa bilməz. O da bildirilir ki, Avropa Parlamentinin deputatlarına təzyiq göstərmək qanuna ziddir”, - deyə o əlavə edib.
E.Məmmədyarov hesab edir ki, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünü təmsil edən ATƏT-in Minsk qrupunun həmsədrləri “BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsini təmin etməlidirlər”.
F.İsazadə