2016-cı ilin əvvəlindən Azərbaycanda lisenziyaları ləğv edilmiş 6 bankın qorunan əmanətləri üzrə kompensasiyalar 117,2 mln. manat məbləğində qiymətləndirilir. Bu barədə Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbəri Azad Cavadov bu gün mətbuat konfransında məlumat verib.
“İlkin məlumatlara əsasən, sığortalanmış əmanətlərin həcmi 117,2 mln. manat təşkil edib. “Texnikabank”ın sığortalanmış əmanətləri 79 mln. manat təşkil edib”, - deyə A.Cavadov qeyd edib.
Onun sözlərinə görə, kompensasiya ödənişlərinə başlamaq üçün ADIF AMB-dən hansısa bankın öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə məktub almalıdır.
“Hələlik “Bank of Azerbaijan”, “United Credit Bank” və “Gəncəbank” haqqında belə bir məktub gəlib. Bu bankların əmanətçiləri ümumilikdə 28,8 mln. manat kompensasiya alacaqlar”, - deyə qeyd edilib.
Lisenziyaları ləğv edilmiş bankların əmanətçilərinə kompensasiyalar ödənildikdən sonra fondun sığorta ehtiyatları 132 mln. manatdan 14,7 mln. manata qədər azalacaq.
“Lakin fond təqvim ödənişlərini davam etdirəcək. Rüb ərzində fond təxminən 7 mln. manat, il ərzində 30 mln. manat alır. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq əgər bizim vəsaitlərimiz qurtarsa, banklar tərəfindən təqvim ödənişləri sığorta ödənişlərinin həcminin 0,5%-dən 0,8%-nə qədər artacaq”, - deyə A.Cavadov qeyd edib.
Xəbər verildiyi kimi, yanvarın 18-dən fevralın 1-nə qədər AMB 6 bankın: “Bank of Azerbaijan”, “United Credit Bank”, "Qafqaz İnkişaf Bankı", “Gəncəbank”, “Atrabank” və “Texnikabank”ın lisenziyasını ləğv edib.
A.Axundov