Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı il büdcəsinə dəyişikliklərin ediləcəyini istisna etmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNF-dən məlumat verilib.
2016-ci il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması çərçivəsində büdcənin əsas göstəricilərinə, həmçinin neftin baza qiymətinə, manatın mübadilə məzənnəsinə (büdcə gəlirlərinin əsas hissəsini təşkil edən ARDNF-dən transfertlərin məbləği də daxil olmaqla), dövlət büdcəsinin gəlirlərinə dəyişikliklərin ediləcəyi gözlənilir.
“ARDNF-in büdcəsinin ümumi büdcəyə daxil edilməsi və hazırlanması zamanı dövlət büdcəsinin göstəricilərinin əsas olaraq götürülməsini nəzərə alaraq, cari ildə fondun gəlirlərinin maddələrində, o cümlədən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmində dəyişikliklər mümkündür”, - deyə məlumatda qeyd edilir.
Daha əvvəl maliyyə naziri Samir Şərifova istinadən məlumat verilmişdi ki, dövlət büdcəsinin parametrlərinə yenidən baxılarkən neftin bir barelinin qiyməti 25 dollardan hesablanacaq, buna qədər isə büdcə neftin bir bareli 50 dollar olmaqla təsdiqlənib. 2016-cı il üçün dövlət büdcəsinin gəlir hissəsi 16,5 mlrd. manatadək, xərc hissəsi 18,3 mlrd. manatadək artırılacaq. Bununla yanaşı, ARDNF-dən transfertlərin 1,2 mlrd. manat artırılması planlaşdırılır.
Xəbər verildiyi kimi, fondun 2016-cı il büdcəsi neftin bir barelinin qiyməti $50 olmaqla hazırlanıb.
2016-cı ildə ARDNF-in gəlirləri 6 mlrd. 711 mln. 564,1 min manat, xərcləri 8 mlrd.181 mln. 399,7 min manat səviyyəsində təsdiq edilib. Neft Fondundan transfertlər 3 mlrd. 561,6 mln. manat təşkil edib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
N.Abbasova