Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) mətbuat xidməti məlumat verir.
Fövqəladə Hallar Nazirliyi cəsədin “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə işləyən neftçi Sahib Şahmarova məxsus olduğunu bildirmişdi.
“Ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur”,- deyə məlumatda qeyd edilir.
Beləliklə, bu günə qədər 12 neftçinin cəsədi tapılıb. 18 nəfərin axtarışları davam etdirilir.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib.
N.Abbasova