Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fevralın 8-də Beynəlxalq Qış Məktəbini açacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BBMM-dən məlumat verilib.
8-15 fevral tarixlərində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş” mövzusunda Beynəlxalq Qış Məktəbi təşkil olunacaq.
Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetidir.
Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var.
Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerli və xarici tələbənin iştirakı planlaşdırılıb.
Tədbirə Rusiya, İsveç, Türkiyə, İtaliya, Portuqaliya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Almaniya və Yaponiyadan tələbələr qatılacaqlar.
Qış məktəbi Bakı, Quba, Xaçmaz və Qusarda fəaliyyət göstərəcək. Qış məktəbinə “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmə giriş” kurslarında iştirak etmiş yerli və xarici tələbələr, elm xadimləri qatılacaqlar.
Qış məktəbinin təşkil edilməsində əsas məqsəd insanlarda Azərbaycana olan marağı sevgiyə çevirməkdir.
A.Zeydullayeva