Rusiya-Azərbaycan münasibətlərinin modeli hər iki ölkəyə əminlik verir, uğurlu əməkdaşlığın təməlini qoyur. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Diplomatik İşçi gününə həsr olunmuş “Rusiya-Azərbaycan: 2015” adlı fotosərgidə çıxışı zamanı bildirib.
“Rusiya diplomatiyasının Azərbaycana dair təcrübəsi son dərəcə maraqlı və ibrətamizdir. Bu gün bizim təcrübəmiz ciddi müsbət qiymətləndirməyə layidir”, - deyə səfir qeyd edib.
O bildirib ki, Azərbaycan və Rusiya bir-birini gözəl başa düşür, öz imkanlarını bilir və müəyyən edilmiş çərçivədən kənara çıxmır.
“Uzunmüddətli əməkdaşlığımız nəticəsində ölkə və xalqlarımızın maraqlarına xidmət edən model yaranıb. Bu, çox dəyərlidir”,- deyə diplomat qeyd edib.
V.Doroxin əlavə edib ki, “Rusiyanın Azərbaycan kimi sabit və etibarlı tərəfdaşlarının sayı nə qədər çox olsa, bizə bir o qədər yaxşı olar”.
“Biz Azərbaycan barəsində, bizim üçün burada vacib olan amillər, öz peşə borcumuz haqqında düşünürük”,- deyə o bildirib.
Fevralın 3-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) hər il fevralın 10-da Rusiyada qeyd edilən Diplomatik İşçi gününə həsr olunmuş “Rusiya-Azərbaycan: 2015” adlı fotosərgi açılıb.
Sərgidə 2015-ci ildə Rusiya və Azərbaycanın həyatında əhəmiyyət kəsb etmiş tədbir və görüşləri əks etdirən fotosənədlər təqdim edilib. Sərgidə bir sıra ölkələrin diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.
A.Zeydullayeva