"Texnikabank" ASC Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzvlüyündən çıxarılıb. Bu barədə fondun məlumatında deyilir.
"Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də “Texnikabank”ın lisenziyasının ləğv edilməsinə dair qərar qəbul edib. Bunun əsasında “Texnikabank” fevralın 3-də ADIF-in üzvlüyündən çıxarılıb", - deyə məlumatda bildirilir.
Beləliklə, fondun üzvü olan bankların sayı 36-dək azalıb.
Xəbər verildiyi kimi, fevralın 1-də AMB “Texnikabank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi, kapitalın adekvatılıq əmsalının 3%-dən az olmasına görə qəbul edilib.
“Texnikabank” ASC 1994-cü ildə yaradılmışdı və respublikanın aparıcı banklarının onluğuna daxil idi.
A.Axundov