Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması Azərbaycanda maliyyə bazarının vahid tənzimlənməsini təmin edəcək. Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətində belə hesab edirlər.
Xidmətin məlumatında qeyd olunur ki, maliyyə bazarlarında vahid tənzimləyici yanaşma qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq.
Palatanın yaradılmasında əsas məqsəd şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılmasıdır. “Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemləri və kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılma, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı, Palata həmçinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti də əlaqələndirəcək", - deyə məlumatda deyilir.
Bununla yanaşı, şəffaflığın təmin edilməsi üçün Palata kollegial idarəçilik prinsipləri ilə idarə olunacaq
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin edilib. İşçi qrupuna “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Asim Məmmədov, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Cəlal Qasımov, “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Faiq Hüseynov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyev daxildir.
İşçi qrupuna Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.
A.Əzizov