Bu ilin mart ayında Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçiriləcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə görüş zamanı məlumat verib.
“Hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir”, - deyə F.Ştalder bildirib.
Ş.Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu, İsveçrə hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu vurğulayıb.
Səfir F.Ştalder ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. O, İsveçrənin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın son iclası 2014-cü il mayın 26-da Berndə keçirilib.
A.Axundov