Fevralın 4-də Təhsil Nazirliyinin www.qebul.edu.az Qəbul Portalının təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb”, - deyə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov bu gün mətbuat konfransında bildirib.
O bildirib ki, bu portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir.
Y.Zeynalovun sözlərinə görə, portal 2016-cı ilin yanvar ayında test rejimində işə başlayıb. Bu günə qədər portal vasitəsi ilə nazirliyə 1,7 mindən çox müraciət daxil olub, onlardan 700-nə cavab verilib”, - deyə Y.Zeynalov qeyd edib.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, Qəbul Portalının yaradılması prezident İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyinin və tabe qurumların aidiyyəti əməkdaşları üçün təlimlər keçirilib.
Tədbir zamanı yeni portal haqqında videoçarx nümayiş etdirilib.
A. Zeydullayeva