Azərbaycan Yazıçılar İttifaqında “Yesenin almanaxı”nın təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” agentliyinin Azərbaycadakı nümayəndəliyindən məlumat verilib.
Azərbaycan Yazıçılar İttifaqı böyük rus şairi Sergey Yeseninə həsr olunmuş “Salam Bakı!” adlı xüsusi nəzm və nəsr almanaxını təqdim edib.
“Yesenin almanaxı”nın yaradılması təşəbbüsü Yazıçılar İttifaqının və Jurnalistlər İttifaqının üzvü, şair, tərcüməçi Alina Talıbovaya məxsusdur. Onun bu ideyası “Ədəbi Azərbaycan” jurnalının baş redaktoru Solmaz İbrahimova və “Sodrujestvo” İctimai Birliyinin sədri Tatyana Kərimova tərəfindən dəstəklənib.
“Sergey Yesenin rus şairi olaraq öz şerlərində Azərbaycanın gözəlliklərini, qafqazlıların səmimiyyət və xeyirxahlığını görüb və tərənnüm edib”, - deyə Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev təqdimat mərasimində bildirib.
“Daha sonra S.Yeseninin şerləri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xalq artisti Lyudmila Duxovnaya və digər aktyorların ifasında təqdim edilib.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədr müavini Aleksey Konnov A.Talıbovaya hər iki ölkənin şair və yazıçılarının ədəbi irsinin tanıdılması istiqamətində xidmətlərinə görə fəxri fərman təqdim edib.
A.Zeydullayeva