Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün Arpaçay sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Şərur rayonunun Ələkli kəndinə birbaşa və fasiləszi suvarma suyunun verilməsi üçün Arpaçay sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanılıb. Yanvar ayında suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 1 kilometr məsafədə yeni suvarma xətti çəkilib”,- deyə məlumatda qeyd edilir.
Yanvar ayında suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 1,75 kilometr təzyiqli boru xətti təmir olunub, 14,88 kilometr kanal, 29,6 kilometr ara arxlar və 1,3 kilometr kollektor lildən təmizlənib, 1 kilometr məsafədə yeni suvarma xətti çəkilib.
“Ötən ay Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq qapalı suvarma şəbəkəsində 600 metr məsafədə boru xətti çəkilib. Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün Arpaçay sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanıb və 760 metr boru xəttinin tikintisi başa çatıb. Bu dövrdə Araz çayı ətrafındakı torpaqların yuyulmasının qarşısını almaq məqsədilə 300 metr sahilbərkitmə işi görülüb”,- deyə məlumatda bildirilir.
Muxtar respublikada subartezian quyularının sayının artırılması yaşayış məntəqələrinin su təminatını, suvarma işlərini xeyli yaxşılaşdırıb.
Q.Hüseynova