SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-fevral ayları ərzində inflyasiyanın səviyyəsinə uyğun olaraq neftçilərin əmək haqlarının indeksləşdirilmə imkanını öyrənir. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüş zamanı bəyan edib.
“Biz hər il neftçilərin əmək haqlarını artırmışıq. Lakin neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar ARDNŞ-in büdcəsində belə imkanlar yoxdur, buna baxmayaraq, bu məsələ öyrənilir. Yanvar-fevral ayları üçün ölkədə inflyasiya səviyyəsini öyrənib bunu kompensasiya etməyə çalışacağıq”, - deyə şirkətin rəhbəri bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, SOCAR-da əmək haqları ümumrespublika səviyyəsi və digər dövlət şirkətləri ilə müqayisədə son dərəcə yüksəkdir.
R.Abdullayev əlavə edib ki, dünyada neftin qiymətinin ucuzlaşması şirkətin fəaliyyətinə də mənfi təsir göstərib.
“Neftin qiyməti 4 dəfə ucuzlaşıb, investisiya layihələrini azaltdıq, yeni layihələr və kəşfiyyat qazma işlərinin reallaşdırılmasını dayandırdıq, neft və qaz hasilatının azalmasını stabilləşdirmək məqsədilə yalnız istismar qazma işlərini davam etdiririk. Xüsusən ona görə ki, “Günəşli” yatağının 10 saylı platformasında qəzadan sonra hasilatda bir qədər azalma var, vəziyyətdən çıxmaq lazımdır”, - deyə R.Abdullayev bildirib.
N.Abbasova