2016-cı il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi aktivləri 6 dəfə - 3 mlrd. 879,7 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2015-ci ilin sonuna BOKT-lərin ümumi nizamnamə kapitalı 99,16 mln. manat (artım 11,4%), onların yaratdığı filialların sayı 240 (artım 7,1%) təşkil edir.
BOKT-lərin strukturunda kredit ittifaqlarının aktivləri 86,39 mln. manata (artım 24%), ümumi nizamnamə kapitalı 34,46 mln. manata (artım 31,1%) bərabərdir.
2016-cı il yanvarın 1-nə beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatlarının aktivləri 607,43 mln. manat (artım 10,3%), ümumi nizamnamə kapitalı 52,03 mln. manat (artım 4%) təşkil edir. Bununla yanaşı, hesabat dövründə belə təşkilatların filiallarının sayı 7,5% - 228-ə qədər artıb.
2015-ci ilin yekunları üzrə digər BOKT-lərin (“Aqrarkredit”- İF-Az) aktivləri 3 mlrd. 185,87 mln. manat (artım 105,1 dəfə), ümumi nizamnamə kapitalı 12,67 mln. manat (azalma 0,4%) təşkil edib, filialların sayı dəyişməz qalıb (12). Aktivlərin artımı Azərbaycan prezidentinin fərmanına əsasən “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankının bir sıra qiymətdən düşmüş və / və ya yüksək riskli aktivlərinin satın alınması ilə əlaqədardır.
AMB-nin məlumatına görə, 2016-cı il yanvarın 1-nə Azərbaycanda 157 BOKT, o cümlədən 109 kredit ittifaqı, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən 47 kredit təşkilatı və 1 bank olmayan kredit təşkilatı - “Aqrarkredit” fəaliyyət göstərir.
A.Əzizov