“Moody`s Investors Service” beynəlxalq agentliyi 2016-cı ildə Azərbaycanda ÜDM-nin azalmasını 0,7% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında qeyd edilir.
“Moody`s 2016-cı ildə Azərbaycanda ÜDM-nin azalmasını 0,7% səviyyəsində proqnozlaşdırır, daha əvvəl agentlik ÜDM artımını 1,7% səviyyəsində proqnozlaşdırmışdı. Agentlik 2017-ci ildə ÜDM-nin 1%-ə qədər artacağını proqnozlaşdırır”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, agentlik maliyyə sektorunda vəziyyətin pisləşməsini və devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirini və ümumi artımı nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempini azaldacaq risklərin mümkünlüyünü qeyd edir.
“Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi “Moody`s”in keçirdiyi energetika bazarlarının qiymətləndirilməsi və qlobal neft bazarlarında neftin qiymətlərinin azalması ilə əlaqədardır”,- deyə məlumatda qeyd edilir.
“Moody`s” “Brent” markalı neftin qiymətlərinin 2019-cu ilə qədər 50 dollardan aşağı olacağını gözləyir.
“Son iki ayda agentlik “Brent” markalı neftin qiymətinin 2016-cı ildə 53 dollardan 33 dollara və 2017-ci ildə 60 dollardan 38 dollara enəcəyini gözləyir. 2018-ci ildə neftin qiyməti 48 dollara yüksələcək”,- deyə agentlik bildirir.
Azərbaycan hökuməti 2016-cı ildə ÜDM artımını 1,8% səviyyəsində proqnozlaşdırır. 2015-ci ildə respublikada ÜDM 1,1% artıb.
A.Axundov