Qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov buna əmindir.
“2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları da göstərir ki, kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir, büdcə-fiskal dayanıqlığı təmin olunur”, - deyə S.Müslümov “Məşğulluq siyasəti” mövzusunda təlim-seminarda bildirib.
Qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər ortamüddətli perspektivdə əsas risklər hesab olunur.
O vurğulayıb ki, milli iqtisadiyyatın bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Azərbaycan prezidenti İham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadi şaxələndirmə və neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sayəsində mümkün olub.
“Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu gün ölkədə əhalinin sayı 2005-ci ildə qeydə alınmış 8,5 mln. nəfərdən 9,7 mln. nəfərə çatıb.
“Əhalinin 22,4 %-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır. Respublika əhalisinin 28,1%-ni 15-29 yaşda gənclər təşkil edir”, - deyə S.Müslümov bəyan edib.
F.İsazadə