Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fevralın 8-də Beynəlxalq Qış Məktəbini açıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BBMM-dən məlumat verilib.
“Bu gün 16 ölkədən tələbələr Qış Məktəbinin işində iştirak edirlər. Şadam ki, Azərbaycanı sevənlər Bakı Slavyan Universitetində toplaşıblar”, - deyə BSU-nun rektoru Asif Hacıyev Qış Məktəbinin açılış mərasimində bəyan edib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. “Ölkəmizdə bir çox xalq və din nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar”, - deyə rektor qeyd edib.
Sonra tədbirdə Multikulturalizm Mərkəzinin Drezdendəki filialının icraçı direktoru Bircit Veysberqer çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və gələcək əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə ümidvar olduğunu deyib.
Qeyd edək ki, 8-15 fevral tarixlərində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş” mövzusunda Beynəlxalq Qış Məktəbi təşkil olunacaq.
Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetidir.
Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var.
Beynəlxalq Qış Məktəbində 55-ə yaxın yerli və xarici tələbənin iştirakı planlaşdırılıb.
Tədbirə Rusiya, İsveç, Türkiyə, İtaliya, Portuqaliya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Almaniya və Yaponiyadan tələbələr qatılacaqlar.
Qış məktəbi Bakı, Quba, Xaçmaz və Qusarda fəaliyyət göstərəcək. Qış məktəbinə “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmə giriş” kurslarında iştirak etmiş yerli və xarici tələbələr, elm xadimləri qatılacaqlar.
Qış məktəbinin təşkil edilməsində əsas məqsəd insanlarda Azərbaycana olan marağı sevgiyə çevirməkdir.
A.Zeydullayeva