Əmanətlərin Sığortalanması Fondu (ADİF) “United Credit Bank”ın ümumilikdə 2 mln. 715 min manat məbləğində qorunan əmanətə malik 1,84 min əmanətçisinə kompensasiya ödəyəcək. Bu barədə fondun rəhbəri Azad Cavadov bazar ertəsi mətbuat konfransında məlumat verib.
“Kompensasiya ödənişləri fevralın 9-dan başlayacaq. İlkin məlumatlara əsasən, 2,715 mln. manat məbləğində qorunan əmanəti olan 1840 əmanətçi kompensasiya alacaq. Hazırda bu rəqəmlər dəqiqləşdirilir”,- deyə A.Cavadov qeyd edib.
Onun sözlərinə görə, kompensasiya ödənişləri üçün agent bank olaraq “Unibank” seçilib.
ADİF bankda 30 min manatadək qorunan əmanətlər üçün kompensasiya ödəyəcək.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı yanvarın 25-də “United Credit Bank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub
“United Kredit Bank” ASC 1996-cı ildə yaradılmışdı.
A.Axundov