Azərbaycanla əlaqələri inkişaf etdirmək İranın xarici siyasətinin əsas istiqamətlərindəndir.
AZƏRTAC-ın məlumatına görə, bu fikri fevralın 8-də Tehranda keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari səsləndirib.
O bildirib ki, sanksiyaların aradan qaldırılması geniş əməkdaşlıq əlaqələri üçün böyük imkan yaradıb və İran bu imkandan istifadə edib qonşu dövlətlərlə qarşılıqlı faydalı əlaqələr quracaq.
Mətbuat katibi qeyd edib ki, Azərbaycan ilə İran arasındakı münasibətlərin yüksək səviyyəsi gələcək əməkdaşlığın faydalı olacağından xəbər verir.
“Sanksiyalar dövründə Azərbaycan hökuməti iradə nümayiş etdirərək İranla iqtisadi-ticarət əlaqələrini kəsmədi. Ona görə də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi İranın xarici siyasətinin əsas istiqamətlərindən biridir”,- deyə C.Ənsari qeyd edib.
B.Rüstəmbəyov