Filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Kitabın redaktoru Folklor İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu(İmanov), rəyçiləri professorlar Ramazan Qafarlı, Məhərrəm Məmmədli, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy və İlham Abbasovdur.
Yeni nəşrdə “Koroğlu” eposunun şeir dili tədqiq edilir, obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə təzahürü sistemli şəkildə araşdırılır, ümumilikdə şeirlərin semantikasını şərtləndirən məsələlərin hər birinə münasibət bildirilir. Kitabda “Koroğlu” dastanının “Dədə Qorqud kitabı”nın məntiqi davamı kimi meydana gəlməsi tutarlı dil faktları ilə əsaslandırılır, eyni zamanda şeir parçalarında rast gəlinən arxaik dil vahidləri tarixi-linqvistik müstəvidə təhlil olunur.
A.Zeydullayeva