Bakı və Moskva biri-birinin qarşısında heç bir öhdəlik olmadan, müstəqil xarici siyasət yürüdürlər. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edib.
“Həqiqətən, Rusiya və Azərbaycan müstəqil siyasət yürüdürlər. Bununla belə, biri-birimizin qarşısında xarici siyasətdə atacağımız addımı razılaşdırmaq kimi ödhdəliyimiz yoxdur. Bu səbəbdən, Rusiyanın bu və ya digər xarici siyasi aksiyası nəticəsində Azərbaycanın xüsusi maraqlarına toxunacaq vəziyyətin meydana gəlməsi mümkündür. Və əksinə. Siz Gürcüstan, Ukraynanı xatırladınız. Ermənistan və digər ölkələri də bu sıraya daxil etmək olar. İndi Türkiyə ilə bağlı xoşagəlməz vəziyyət yaranıb”, - deyə V.Doroxin Ankara və Kreml arasında gərginliyin Azərbaycanla qarşılıqlı münasibətlərə təsirini şərh edərkən “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
O vurğulayıb ki, Azərbaycan və Rusiya bu və ya digər xarici siyasət məsələsinə dair fikir ayrılığı yarandığı halda, münaqişə etməməyi öyrəniblər.
“Ötən illər ərzində biz çox şey öyrəndik. Xüsusilə, maraqların üst-üstə düşdüyü zaman əməkdaşlıq etməyi, bu cür təsadüf olmadığı halda münaqişə etməməyi öyrəndik. Etiraz etməyib, yumruğumuzu masanın üzərinə çırpmamağı, baş verənləri olduğu kimi qəbul etməyi öyrəndik. Bu cür yanaşma yaranan fikir ayrılıqlarını ikitərəfli münasibətlərə keçirtməməyə yardım edir”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Moskvada Azərbaycanın Rusiya-Türkiyə münasibətlərinə dair mövqeyi barədə məlumatlıdırlar və onu anlayırlar.
“Bu mövqe Rusiya üçün heç bir problem yaratmır. Sizi əmin edirəm ki, “Türkiyə məsələsi”ndə Moskva Azərbaycanı Rusiya-Türkiyə münasibətlərində pis vəziyyətə qoyacaq heç bir addım atmayacaq”, - deyə o bəyan edib.
Müsahibənin tam mətni ilə İnterfax.az saytında tanış olmaq mümkündür.
F.İsazadə