2015-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 30% azalıb. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edib.
“Rusiya-Azərbaycan iqtisadi münasibətlərin əsasən qeyri-neft sektorunda formalaşması mühüm əhəmiyyət kəsb edir. Azərbaycana qeyri-neft xarakterli məhsullar məhz Rusiyadan tədarük olunur. Və ən çox sayda qeyri-enerji məhsullarını Azərbaycan Rusiyaya ixrac edir. Bu səbəbdən, ticari-iqtisadi əlaqələrimiz neftin qiymətindəki dəyişiklikdən az səviyyədə asılıdır. Lakin, bunun təsiri, əlbəttə ki, var. Statistikamıza görə, 2014-cü ildə Rusiya-Azərbaycan ticarətinin həcmi tarixi maksimal həddə - 4 mlrd. dollara çatıb. 2015-ci ildə bu rəqəm təxminən 30% azalıb”, - deyə V.Doroxin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“Düşünmürəm ki, 2016-cı ildə 2014-cü ilin səviyyəsinə qayıtmaq mümkün olacaq. Lakin 2015-ci ilin səviyyəsini qorumaq vəzifəsini qarşımıza qoymaq realdır”, - deyə o əlavə edib.
Səfir qeyd edib ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi orada çalışan azərbaycanlılar üçün də mənfi nəticələrə gətirib, bu da Bakı ilə Moskva arasında münasibətlərdə hər zaman vacib amil olub.
“Prinsip etibarilə, bazamız sabit və yaxşıdır. Dünyada vəziyyətin dəyişilməsinə faciəvi nəticələr olmadan da tab gətirmək mümkündür. Azərbaycan şaxələndirməyə yönəlib, Rusiya da bu istiqaməti götürüb. Bu, həm də vəziyyətin təsiri altında iqtisadi əməkdaşlığmızı nəinki qorumaq, həm də yaxşılaşdırmaq üçün əlavə amildir”, - deyə V.Doroxin vurğulayıb.
Müsahibənin tam mətni ilə İnterfax.az saytında tanış olmaq mümkündür.
F.İsazadə