Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında” qanun layihəsini II oxunuşda qəbul etməyi parlamentə tövsiyə edib.
Belə bir qərar komitənin bu gün keçirilən iclasında qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan məlumat verib.
İclasda qeyd edilib ki, qanun layihəsinə I oxunuşda edilmiş düzəlişlər əsasən redaksiya xarakteri daşıyır. İclasda qanun layihəsinin adının dəyişdirilməsi barədə qərar qəbul edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda bildirib ki, İqtisadiyyat Nazirliyi lisenziya və icazə verilməsini tələb edən yeni fəaliyyt növləri üzrə təkliflər hazırlayıb. Bu qanun layihəsinin qəbul edilməsi ilə sözügedən siyahı da təsdiq ediləcək .
Qanun layihəsi lisenziyaların alınması üzrə prosedurların sadələşdirilməsini və qaydaların təkmilləşdirilməsini , lisenziya verilərkən “bir pəncərə” prinsipinin tətbiqini nəzərdə tutur.
Qanun layihəsində lisenziya tələb olunan fəaliyyət növlərinin təyin edilməsi meyarları , lisenziya verən dövlət orqanlarının səlahiyyət və funksiyaları, lisenziya və icazələrin verilməsi sistemininin dövlət tənzimənməsi prinsipləri, lisenziya və icazələrin verilmə prosedurları öz əksini tapıb.
Qanun layihəsi “susmaq razılıq əlamətidir “prinsipinə əsaslanacaq, yəni lisenziya almaq üçün edilən müraciətə baxılma müddətində cavab verilməzsə, lisenziya verilmiş hesab ediləcək.Qanun layihəsi həmçinin müddətsiz lisenziya anlayışını da nəzərdə tutur.
Qanun layihəsi hazırlanarkən, Gürcüstan, Ukrayna, Moldova və Aİ ölkələrinin təcrübəsindən istifadə olunub.
Azərbaycan parlamentinin fevralın 23-də keçiriləcək iclasında bu sənədin II oxuynuşda qəbul edilməsi gözlənilir.
A.Axundov