Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ildə xarici valyutada kredit və depozitlər üzrə orta faiz dərəcələrinin azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2016-cı il yanvarın 1-nə milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 2014-cü ilin yekunları üzrə 13,81%-ə qarşı 13,6% təşkil edib.
Xarici valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 12,53% təşkil edib, ötən 2014-cü ilin sonuna bu göstərici 14,07%-ə bərabər olub.
Bununla yanaşı, cari ilin əvvəlinə hüquqi şəxslər üçün milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 9,72% (2014-cü ilin sonuna 9,99%), xarici valyuta ilə 8,78% (9,18%) təşkil edib.
2015-ci ilin sonuna fiziki şəxslər üçün milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 17,46% (18,53%), xarici valyuta ilə 20,72% (21,52%) təşkil edib.
AMB-nin məlumatına görə, 2015-ci ildə bankların cəlb etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin bir qədər azalması müşahidə olunub.
Xüsusilə 2015-ci ilin sonuna milli valyuta ilə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,08% (8,86%) təşkil edib.
2015-ci ilin sonuna xarici valyuta ilə əmanətlər üzrə orta faiz dərəcəsi 8,06% təşkil edib (9,24%).
Bununla yanaşı, 2016-cı ilin əvvəlinə hüquqi şəxslər üçün milli valyuta ilə əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,82%, xarici valyuta ilə 4,81% (6%) təşkil edib.
Hesabat ilinin sonuna fiziki şəxslər üçün milli valyuta ilə əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,14% (9,45%), xarici valyuta ilə 8,83% (9,78%) olub.
A.Əzizov