Nigah daxil olmaq istəyən 22 Azərbaycan vətəndaşında sifilis xəstəliyi aşkar edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentlıyinə Səhiyyə Nazirliyini mətbuat xidmətindən məlumat verilib.
Ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının əvvəlinə qədər müayinədən 94400 nəfər keçib.
1 iyun – 31 dekabr 2015-ci il tarixlərindən müayinələrdən keçmiş 84600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Keçən il müayinədən keçmiş 5534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub.
Eyni zamanda, cari ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçmişdir. Yanvar ayında müayinələrdən keçmiş 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nigaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.
Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
A.Zeydullayeva