Rusiya Azərbaycan turizminə maraq göstərir. Bu fikri Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin səsləndirib.
“Rusiyanın səfiri olaraq mən, xoşbəxt olardım ki, bu günə qədər Türkiyəyə üz tutan 4 milyon rusiyalı turist Azərbaycana gəlsin. Məmnuniyyətlə qeyd edə bilərəm ki, rusiyalı turistlərin Azərbaycana marağı artıb”,- deyə V.Doroxin “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın özünə diqqət çəkmək üçün yaxşı şansı var.
“Azərbaycanın turizmi inkişaf etdirmək üçün perspektivləri var və ölkənin əsas prioritetlərindən biri budur. Lakin bu barədə bəyan etmək başqa məsələdir, turizm biznesi yaratmaq başqa məsələ. Bu çox böyük iş tələb edir”,- deyə o qeyd edib.
“Realist olmaq lazımdır. Respublikada turizmə böyük əhəmiyyət verilməsinə, dənizdə və dağlarda infrastrukturun inkişaf etdirilməsinə baxmayaraq, Azərbaycan bu gün milyonlarla rusiyalı turisti qəbul etməyə hazır deyil”,- deyə o əlavə edib.
F.İsazadə