Azərbaycanda yaşayan ermənilər ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bəyan edib.
“Azərbaycanda bu gün də ermənilər yaşayırlar. Onlar bizim cəmiyyətin bir hissəsi, ölkənin bərabərhüquqlu vətəndaşlarıdır”, - deyə A.Paşazadə İsveç Krallığının xarici işlər naziri Marqot Vallström ilə görüş zamanı bildirib.
O həmçinin vurğulayıb ki, Azərbaycanda diblərarası və millətlərarası dialoq hər zaman yüksək səviyyədə olub.
“Ölkədə digər din və millətlərin nümayəndələrinə hər zaman böyük hörmətlə yanaşıblar. Məscidlərlər yanaşı, respublikada kilsələr və sinaqoqlar fəaliyyət göstərir. Dövlət bütün dinlərə eyni səviyyədə diqqət ayırır”, - deyə o bildirib.
Şeyx vurğulayıb ki, bunun təməli eks-prezident Heydər Əliyev tərəfindən qoyulub və bu gün həmin siyasəti hazırki dövlət başçısı İlham Əliyev davam etdirir.
“Tolerantlıq Azərbaycan xalqının qanındadır, dövlət isə bizə bu məsələlərdə dəstək verir”, - deyə o qeyd edib.
Həmçinin A.Paşazadə həmsöhbətinə məlumat verib ki, Azərbaycanda sünni və şiələr birgə dualar edirlər.
“Yaxın Şərqdə baş verən prosesləri nəzərə alaraq, Azərbaycan bütün dünyaya nümunə ola bilər”, - deyə QMİ sədri vurğulayıb.
F.İsazadə