Yanvar ayında Azərbaycanda inflyasiya 5,8% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2016-cı ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 8,7%, qeyri-ərzaq məhsullarının 5,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 2,1% bahalaşıb.
Məlumatlara əsasən, ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin almanın, armudun, bananın, heyvanın, narın, xurmanın, şabalıdın, xiyarın, pomidorun, kələmin, badımcanın, bibərin, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
Yanvar ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, kiçik elektrik cihazlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
Ay ərzində həmçinin tibbi xidmətlərin, avtobusla beynəlxalq sərnişindaşıma nəqliyyatı, avtomobillərin, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri, paltarların təmizlənməsi, təmiri və kirayəsi, restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə, otel, mehmanxana tərəfindən gecələmə xidmətlərinin qiymətləri bahalaşıb.
Əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında qiymətlər ucuzlaşıb.
Xəbər verildiyi kiimi, 2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib.
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.
N.Abbasova