Multikulturalizm Mərkəzinin qış məktəbinin iştirakçıları Bakıda Qafqaz Müsəlmanları İdarəsində ənənəvi dinlərin liderləri ilə görüşüblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə iştirak edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda yaradılmış tolerant mühit və multikulturalizm dəyərləri barədə məlumat verib.
“Azərbaycanda tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq yüksək səviyyədədir. Siz bizi , müsəlman, yəhudi, katolik, pravoslav, alban – udin dini icmasının liderlərini bir arada görürsünüz. İslam aləmindəki qarşıdurmalar, Avropadakı İslamofobiya fonunda siz Azərbaycandakı vəziyyəti qiymətləndirə bilərsiniz. Burda gördükləriniz həqiqətdir. Bu bizim həyat tərzimizdir”,- deyə A.Paşazadə çıxışında bildirib.
O qeyd edib ki, Azərbaycanda dinlərarası, icmalararası dözümsüzlük yoxdur.
“Ölkəmizdə sünnilər rahatlıqla şiə məscidlərində , eynilədə şiələr sünni məscidlərində ibadət edirlər. Bununla yanaşı, Azərbaycanda müsəlmanlar kilsəyə gedə bilər, eləcə də yəhudilər rahatlıqla məscidə gələ bilərlər. Bizdə bu məsələ ilə bağlı fikir ayrılığı yoxdur”,- deyə o qeyd edib.
O deyib ki, erməni ekstremistləri Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilər, deyirlər ki, guya onlar bizimlə bir arada yaşaya bilməyiblər.
“ Siz özünüz ölkəmizdəki mühiti görürsünüz və obyektiv qiymət verə bilərsiniz”,- deyə QMİ sədri bildirib.
F.İsazadə