Neftin qiymətləri 2017-ci ildən tez bərpa olunmayacaq, buna qədər isə uzun müddət 30 dollardan aşağı səviyyədə qalacaq . Londonda “International Petroleum Week” konfransında bir araya gələn dünyanın ən iri neft trayderlərinin nümayəndələri belə fikirdədilər.
“Güman etməməliyik ki, yanacağın aşağı qiymətdə olması tələbatın artım tempinə səbəb olacaq”,- deyə “Vitol” şirkətinin direktorlar şurasının üzvü Kristofer Beyk bildirib- Xammal istehsal edən bütün ölkələr stres vəziyyətdədir.
Çərşənbə günü OPEK -in verdiyi proqnoza əsasən, 2016-cı ildə dünyada neftə tələbat sutkada 1,25 mln. barelə yüksələcək. “Vitol”un rəyinə görə artım 1 mln. bareldən az olacaq.
Konfransda iştirak edən bir çox trayderlər neftin qiymətləri ilə bağlı nikbin fikirləri bölüşmürlər.
Bu arada böyük neft emal edən şirkətlər, o cümlədən “BP” və “Shell” balansın bərpa ediləcəyini hesab edirlər. Onlar cari ilin ikinci yarısında bazarda balans və təklifin sabitləşəcəyini, bunun nəticəsində neftin qiymətinin artacağına ümid edirlər.
“ İlin ikinci yarısında bütün anbarlar, hətta hövzələr neftlə dolacaq, bundan sonra bazarın baza prinsipləri işə düşəcək və bazarın təkrar balanslaşması başlayacaq”,- deyə BP şirkətinin rəhbəri Robert Dadli bildirib.