Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.
“Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sabitlik yaradılıb, iqtisadiyyat şaxələndirilib, biznes mühiti təkmilləşdirilib, sahibkarlığın inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyə V.Talıbov görüşdə qeyd edib.
Onun sözlərinə görə, prezident tərəfindən qarşıya qoyulan vəzifələr bir daha təsdiq etdi ki, sahibkarlığın inkişafı, özəl bölmədə məhsul istehsalının həcminin artırılması bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
“Muxtar respublikada da özəl sektorun inkişafı diqqət mərkəzindədir. Sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Təkcə 2015-ci il ərzində muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına 38 mln. manatdan çox vəsait yönəldilib. Bunun 11 mln. 289 min manatı Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi kimi verilən kreditlərdir. Bütün bunlar sahibkarlığın inkişafına öz təsirini göstərmiş, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87% olub”, - deyə V.Talıbov bildirib.
O vurğulayıb ki, yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
“İqtisadiyyat Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılmasını bundan sonra da davam etdirməlidir”, - deyə V.Talıbov vurğulayıb.
Qeyd edilib ki, daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılmalıdır. Eyni zamanda, sahibkarlıq subyektləri də gözləmə mövqeyində dayanmamalı, öz məhsullarının muxtar respublikadan kənarda satışının təşkili məqsədilə marketinq araşdırmaları aparmalıdır.
V.Talıbovun sözlərinə görə, kənd təsərrüfatı və emal məhsullarının ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilməlidir. Əhalinin alıcılıq qabiliyyəti qorunmalıdır. Bunun üçün istehlak qiymətlərinə nəzarət mexanizmi gücləndirilməlidir.
Vurğulanıb ki, müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı tədbirlər davam etdirilməlidir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılmalıdır.
Ali Məclisin sədri müvafiq nazirlik və idarələrə qeyd edilən məsələlər dair tapşırıqlar verib.
Görüşdə yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 7 sahibkara güzəştli kreditlərin çekləri təqdim edilib.
Q.Hüseynova