Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 11-də Qəbələdə ictimaiyyət nümayəndələri ilə görüşüb. Bu barədə “İnterfaks- Azərbaycan” informasiya agentliyinin regional bürosu xəbər verir.
Görüşdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib, bütün sahələrdə, o cümlədən turizm sektorunda gedən inkişafdan, şəhər və kəndlərdə aparılan quruculuq-abadlıq işlərindən danışıb. Rayon rəhbəri bildirib ki, son illər Qəbələdə üzüm emalı zavodu, meyvə şirələri və şərab istehsalı zavodları, piano və lift istahsalı fabrikləri, iri heyvandarlıq kompleksi və soyuducu anbarlar, 18 müasir otel və istirahət mərkəzi, müxtəlif idman və əyləncə mərkəzləri inşa edilib.
Görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə ətraflı ətraflı məlumat verib.
Kəmaləddin Heydərov bildirib ki, Qəbələ rayonunun böyük turizm imkanları var. Rayonda turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.
Rayonda sənayenin, kənd təsərrüfatının inkişafı üçün son illər görülən işlər öz bəhrəsini verməkdədir. Sonda nazir deyib ki, qeyri-neft sektorunun inkişafı üçün Qəbələnin torpaqlarından səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır.
Rayon böyük resurslara, infrastruktura malikdir və bu potensialdan səmərəli istifadə edilməli, üzümçülük, tütünçülük, taxılçılıq və heyvandarlıqda əsaslı irəliləyişə nail olunmalıdır. Nazir Kəmaləddin Heydərov müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.
İ.Əhmədov