Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus barələrində çıxarılmış şərti azadlıqdan məhrum etmə cəzasına qarşı qaldırdıqları iddianın təmin edilməməsinə qarşı appelyasiya şikayəti verəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə onların vəkili Elçin Sadıqov məlumat verib
“ Onlar hazırda sınaq müddətindədirlər. Biz məhkəmyə müraciət edərək bu cəzanın ləğv edilməsini xahiş etdik ki, Leyla Yunus və Arif Yunus xaricə müalicə almağa gedə bilsinlər. Məhkəmə bizim müraciətimizi təmin et etmədi”,- deyə vəkil bildirib.
Xəbər verildiyi kimi, Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru L.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. Məhkəmənin qərarına əsasən, LYunus məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, sənədləri saxtalaşdırma maddələrinə əsasən çıxarılıb.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işi ayrı icraata verilib.
Xatırladaq ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. O, məhkəmə zalından azadlığa buraxılıb və hazırda ev dustağıdır.
F.İsazadə